13 Ocak 2010 Çarşamba

12 Ocak 2010 Salı

Xanəndə Mütəllim Dəmirov: "İstedadlı ifaçı bütün janrlarda oxuya bilər"


http://www.ekspress.az/2010/01/12/get=5114
Xanəndə Mütəllim Dəmirov: "İstedadlı ifaçı bütün janrlarda oxuya bilər"
"Elə toylar var ki, iyrənirsən..."

Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, xanəndə Mütəllim Dəmirov 1970-ci ildə Bakıda doğulub. İlk təhsilini 5 saylı orta məktəbdə alıb. Mütəllimin musiqi təhsili almaq arzusu bir neçə il uğursuz nəticələnib. Nəhayət, 1996-2000-ci illərdə Asəf Zeynallı adına Musiqi Kollecində, 2000-2006-cı illərdə isə Konservatoriyada ali musiqi təhsilinə yiyələnib.

1995-ci ildə Məhəmməd Füzulinin 500 illik yubileyinə həsr olunmuş muğam festivalına qatılan müğənni ikinci yeri tutub.

Tələbəlik illərindən Azərbaycan Dövlət Opera və Balet Teatrında solist olaraq fəaliyyət göstərməyə başlayıb.

Müxtəlif tamaşalarda müxtəlif obrazlar yaradıb: "Leyli və Məcnun" (Zeyd, İbn Səlam), "Aşıq Qərib"(Aşıq Səlim, Aşıq Qərib), "Gəlin qayası"(şeyx), "Şah İsmayıl" (xanəndə) və s.

Mütəllim Dəmirov əcnəbi ölkələrdə Azərbaycan muğamının təbliği ilə məşğul olan xanəndələrimizdəndir.



- Opera və Balet teatrında ən gənc ifaçı hesab olunursunuz. Ustad sənətkarların əhatəsində, onlarla çiyin-çiyinə çalışmaq nə qədər çox təcrübə qazanmaq deməkdirsə, bir o qədər də çox məsuliyyət deməkdir...

- Arif Babayev, Canəli Əkbərov, rəhmətlik Baba Mahmudoğlu kimi sənətkarlarla birgə çalışmışam. Təbii ki, onlarla birgə çalışmaq xanəndədən ikiqat artıq məsuliyyət tələb edirdi. Səhnə mədəniyyətini, ifa qabiliyyətini, muğamın xırdalıqlarını, oxuma tərbiyəsini adlarını çəkdiyim ustadlardan öyrənmişəm. Ancaq muğam dərslərini təhsil aldığım hər iki sənət ocağında Alim Qasımovdan öyrənmişəm.

Bildiyiniz kimi Alim Qasımov Azərbaycan muğamını bütün dünyada tanıdan sənətkarlarımızdan biridir. O, çox böyük sənətkardır, onun musiqimizdə gördüyü işlər, muğamda etdiyi yeniliklər göz qabağındadır.

- Ancaq ilk vaxtlar Alim Qasımovun muğamda etdiyi yeniliklər o qədər də qəbul olunmurdu...

- Artıq onun ifaçılığı bir məktəb olaraq örnək göstərilir.

- Nədənsə Alim Qasımovun tələbələri müəllimləri qədər yeniliyə can ata bilmədilər, üstünlüyü köhnə "dədə-baba qaydası"nda olan ifaçılığa verdilər.

- Bu fikirlə razı olsam da, əlavələrim də var. Ümumiyyətlə, hər sahədə yeniliyə can atılır, çünki bunsuz mümkün deyil. Muğam ifaçılığında isə hər xanəndənin özünəməxsus tərzdə muğam ifa etməsi, yeni boğazlar, nəfəsdən istifadə etməsi özü bir yenilikdir. Bundan başqa, muğam ifaçısının eyni zamanda xalq mahnıları, bəstəkar mahnıları, hətta estrada mahnıları ifa etməsi də bir yenilikdir. Yəni biz sadəcə, dədə-baba qaydası ilə kifayətlənmirik.

- Deməli, muğam ifaçısı olsanız da, digər janrlara da marağınız var...

- Təbii ki, mən də bir muğam ifaçısı olaraq xalq mahnıları da ifa edirəm, bəstəkar mahnılarına da müraciət edirəm. Əslində mənim bu sənətə gəlməyimin bir səbəbi də atamın və babamın musiqiçi olmaları olub. Doğrudur, onlar bu sənətin dalınca getməyiblər, ancaq musiqi qabiliyyətləri güclü olub, həvəskar kimi musiqi ilə maraqlanıblar. Mən də gözümü musiqiçi ailəsində açdığım üçün musiqi mənim üçün əvəzsiz bir sənət olaraq qalır. İstedadı olan, yüksək musiqi təhsili alan xanəndə istənilən janrda öz bacarığını nümayiş etdirə bilər. Bu başqa məsələdir ki, hər sahənin öz çətinliyi var, muğam ifaçısının özünü geniş auditoriyaya tanıtması üçün mütləq şərait olmalıdır.

- Əvvəllər "İstedadlar sorağında" adı altında keçirilən müsabiqələrdə ifaçılıq qabiliyyəti olan gəncləri kəşf edərək səhnəyə gətirirdilər...

- Hazırda da belə müsabiqələr keçirilir, ancaq yer tutanların səhnəyə çıxmaq üçün mütləq maddi gücü olmalıdır ki, sənət nümayiş etdirə bilsinlər, efirdə tez-tez çıxış etsinlər.

- Məsələn, siz telekanallarda elə də görünmürsünüz.

- Dəfələrlə telekanallarda çıxışlarım olub. Təəssüf ki, əksər telekanallarda çıxış etmək üçün mütləq müəyyən məbləğ ödəmək lazım gəlir.

- Yeni illə bağlı konsert proqramlarına dəvət almışdınızmı?

- Etiraf edim ki, yox.

- Yəqin ki, telekanalların musiqi redaksiyalarına görüm-baxım etməmisiniz...

- ...

- Belə başa düşək ki, susmaq razılıq əlamətidir. El şənliklərinə, toylara gedirsinizmi?

- Əslində, sənət aləmində ifaçıların hər birini maddi cəhətdən güclü edən el şənlikləridir. Mən Bakı toylarından tutmuş rayon toylarına qədər xalqımızın sevincli günlərində daima yanlarında oluram.

- Toylarımızda muğamı dinləyən varmı?

- Elə toylar var ki, muğam, xalq mahnıları üstə köklənir, ancaq elə toylar var ki, sadəcə toy mahnıları ilə kifayətlənir. Səviyyəli toylarımızda olan aura o qədər gözəl olur ki, musiqinin həqiqi mənada bir möcüzə olduğunu dərk edirsən. Ancaq elə toylar da var ki, az qala iyrənirsən...

- Amma müasir toylarımızda camaat daha çox əylənməyə gedir...

- Heç kim buna qarşı çıxmır, sadəcə olaraq hər şey qədərində gözəldir.

- Bəzi dini toylarda Qurani-Kərimdən kəlamlar oxunur, yeni qurulan ailəyə xeyir-dua, bərəkət müqəddəs kitabın kəlamları ilə arzulanır. Ancaq əksər toylarımız içki məclisi üzərində qurulur.

- Təbii ki, spirtli içki olan yerdə müqəddəs kitabların adı çəkilməz, müqəddəslərdən sitat gətirilməz. Ancaq dini məclislərimizə mütəmadi olaraq qatıldığım üçün ordakı auranın gözəlliyini görüb, zövq almışam. Bunu eşitmək azdır, gözlə görmək lazımdır. Bütün bunlara baxmayaraq elə məqamlar olub ki, bezərək bu sənəti tərk etmək fikrinə düşmüşəm, ancaq sonra fikirləşmişəm ki, əgər bu həyat bir mübarizə meydanıdırsa, o zaman mübarizə edərək istəyinə nail olmalısan.

- Siz elə bir teatrın solisti olaraq çalışırsınız ki, həmkarlarınızdan kimlərsə bura hələ də həsrət qalıb. O mənada ki, hər muğam ifaçısının bəxtinə Opera və Balet Teatrında çalışmaq yazılmır.

- Siz elə bilirsiniz ki, mən heç bir vaxt bu barədə düşünmürəm. Əksinə, hər an şükür edirəm Yaradana ki, məhz Opera və Balet Teatrında çalışmağı, ustadlarla bir səhnəni paylaşmağı qismətimə yazıb. Doğrudur, elə xanəndələr olub ki, burada çalışmağa can atsalar da buna nail ola bilməyiblər, bu baxımdan mən özümü şanslı hesab edə bilərəm.

İnanıram ki, yeni-yeni rollarla tamaşaçıların görüşünə gələcək, onlarda sənətə olan sevgini daha da gücləndirəcəyəm.


Ulduzə QARAQIZI